“Zəfər sədası” adlı ədəbi-bədii kompozisiya təqdim olunub
Bakı, 7 noyabr, AZƏRTAC
Xətai Rayonundakı şəhid Rövşən Əliyev adına 254 nömrəli tam orta məktəbdə şair-publisist Zərəngiz Dəmirçi Qayalının şeirləri əsasında səhnələşdirilmiş “Zəfər sədası” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Əvvəlcə iştirakçılar foyedə məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə şair-publisist Zərəngiz Dəmirçi Qayalı, məktəbin Məktəbdənkənar və Sinifdənxaric Tərbiyə üzrə təşkilatçısı Nazilə Rüstəmzadə, məktəbin bədii hissə üzrə dərnək rəhbəri Aynurə Güləmirova, rayonun 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Samirə Hüseynova və başqaları Azərbaycanın müstəqillik və suverenlik yolunda keçdiyi şərəfli tarixindən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan böyük Zəfərin xalqımızın taleyindəki misilsiz əhəmiyyətindən danışıblar.
Tədbirdə ordumuzun rəşadəti, dövlətimizin gücü və Vətənimizin müstəqillik yolu barədə geniş məlumat verilib.
“Ədəbi tədbirlər birliyi” layihəsi çərçivəsində gerçəkləşən kompozisiyada əsasən birliyin gənc aktyorları və məktəbin aşağı sinif şagirdləri iştirak ediblər. Onlar şairənin qələbə ruhlu şeirlərini səsləndiriblər. Məktəbin yuxarı sinif şagirdi Səma Qələndərovanın ifasında səsləndirilən, Milli Ordunun könüllü snayper-atıcı döyüşçüsü, Avey Qəhrəmanı Vəfa Dəmirçioğluna həsr olunmuş “Mən Vəfa Dəmirçioğluyam” adlı şeir xüsusi rəğbətlə qarşılanıb.
Tədbir çərçivəsində layihənin rəhbəri, tədbirin və kompozisiyanın rejissoru Polad Ağa İbrahimov şair-publisist Zərəngiz Dəmirçi Qayalıya yaradıcılıq uğurları arzulayıb.
Sonda fərqlənən şagirdlərə diplomlar təqdim olunub.