“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib
Lənkəran, 23 aprel, İlkin Adıyev, AZƏRTAC
Lənkəran Olimpiya Kompleksində “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışı üzrə regional mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bilik yarışı qəhrəman şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxış edərək komandalara uğurlar arzulayıb.
Yarışda Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX, X və XI sinif şagirdlərindən ibarət 6 komanda iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışında Lerik rayonunu təmsil edən komanda birinci yerə layiq görülərək, respublika mərhələsində iştirak hüququ qazanıb.
Bilik yarışında komandalara riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət elmləri, humanitar elmlər, mədəniyyət və incəsənət olmaqla, beş müxtəlif istiqamət üzrə 25 sual təqdim edilib.
Fasilələr zamanı Lənkəran şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.