Zərdabda süni örtüklü minifutbol meydançası istifadəyə verilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Zərdabda süni örtüklü minifutbol meydançası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, zərdablı gənclərin və idman ictimaiyyətinin rayon icra hakimiyyətinə ünvanladıqları çoxsaylı müraciətlər nəzərə alınaraq, icra hakimiyyəti tərəfindən cari ilin iyun ayında Heydər Əliyev prospektində süni örtüklü minifutbol meydançasının tikinti-quraşdırma işlərinə başlanılmışdı. Gənclərin asudə vaxtlarının səmərəli təşkili və pis vərdişlərdən uzaq olmasını təmin etmək üçün 42x22 metr ölçüdə olan minifutbol meydançası Türkiyə istehsalı süni örtüklə təmin edilmiş, gecə işıqlandırılması quraşdırılmış, stadionun ətrafında abadlıq işləri aparılmışdır.
Futbol meydançasının istifadəyə verilməsi mərasimində rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, Milli Məclisin deputatı Jalə Əliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək ölkədə və rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri barədə məlumat verib, stadionun açılışı münasibətilə rayon sakinlərini təbrik edib.
Milli Məclisin deputatı Jalə Əliyeva çıxışında rayon sakinlərini əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından söhbət açıb.
Digər çıxış edənlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda meydança futbolçuların ixtiyarına verilib.