Xalça Muzeyində 20 Yanvar şəhidləri İlham və Fərizəyə həsr olunmuş xalça təqdim edilib VİDEO
Bakı, 18 yanvar, Zərəngiz Mansurova, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 20 Yanvar şəhidləri İlham və Fərizəyə həsr olunan “Sədaqət” xalçası təqdim edilib. Faciə qəhrəmanlarının obrazını xalçaçı rəssam Səməd Təbrizli canlandırıb.
Mərasimdə “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin, “20 Yanvar” cəmiyyətinin üzvləri və faciənin şahidləri xatirələrini bölüşüblər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” adlı tamaşasından bir hissə təqdim edilib.
Foyedə Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin “Şəhidlər yaşayır” adlı rəsm sərgisi nümayiş olunub.