ELM VƏ TƏHSİL
Məktəblilərarası I Robot Olimpiadasının qalibləri mükafatlandırılıb VİDEO
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Məktəblilərarası I Robot Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Milli Məclisin deputatları, bir sıra dövlət və özəl qurumların, təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov məktəblilər arasında keçirilən olimpiadanın əhəmiyyətindən danışıb, qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. Nazir müavini Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət Strategiyası çərçivəsində istedadlı şagirdlərin aşkar edilməsi istiqamətində görülən işləri qeyd edərək deyib: “Son illər ölkədə şagirdlərin fizika, riyaziyyat, informatika, texnologiya fənləri üzrə əldə etdikləri biliklərin artıq tətbiqi nəticəsini görürük. Növbəti illərdə əsas prioritet Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil etməkdir və biz buna nail olacağıq”.
Sonra olimpiada ilə bağlı videoçarx nümayiş olunub. Məlumat verilib ki, iyunun 2-3-də Təhsil Nazirliyi, “İstək” liseyi, “Microsoft Azərbaycan” şirkəti, Bakı Mühəndislik Universiteti, STEP Kompüter Akademiyası, “Edumedia-Azərbaycan”, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası və “Edutainment” şirkətinin birgə təşkilatçılığı ilə Məktəblilərarası I Robot Olimpiadası keçirilib. Olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdan ibarətdir.
Beynəlxalq robot və layihə olimpiadalarının təşkilati təcrübəsinə əsaslanan olimpiada 3 kateqoriya - “Line follower”, “Lego sumo” və “Hardware control” kateqoriyaları üzrə təşkil olunub. Olimpiadada Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş və Lənkəranı təmsil edən 100-ə yaxın şagird 45 layihə ilə çıxış edib. Layihələr Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası, Bakı Mühəndislik Universiteti və “İstək” liseyinin beynəlxalq təcrübəyə malik mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Sonda qalib gələn şagirdlərə medal, diplom, sertifikat və hədiyyələr təqdim olunub.