Xaçmazın Hülövlü kəndində qədim dövrlərə aid qəbir daşları aşkarlanıb VİDEO
Xaçmaz, 29 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmazın Hülövlü kəndində qədim dövrlərə aid qəbir daşları aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbir daşları kənd sakini İmaməli Bəşirovun həyətyanı sahəsində traktorla qazıntı işləri aparılan zaman üzə çıxıb.
İmaməli Bəşirov bildirib ki, suvarma suyu əldə etmək üçün köhnə bulaq yerini qazdıran zaman qəbir daşları ekskavatorun kovuşuna ilişib. Bundan sonra ərazidə qazıntı işləri dayandırılıb. Tapıntı barədə Xaçmaz Regional Mədəniyyət İdarəsinə məlumat verilib.
Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva bildirib ki, üzərindəki yazılar qəbir daşlarının İslam dövrünə aid olduğunu deməyə əsas verir. Bu kimi qəbir daşları şimal bölgəsi üçün xarakterikdir. Hülövlü kəndində aşkarlanan qəbir daşlarının üzü ərəb əlifbası ilə yazılıb və həmin dövrü özündə əks etdirən naxışlarla işlənilib.
Pakizə Mehdiyeva bildirib ki, tapılan qəbir daşları barədə məlumatlar və fotoşəkillər Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna göndərilib.