Şabranda beynəlxalq mədəni marşrutlarla bağlı keçirilən konfransa 13 ölkədən 40-a yaxın mütəxəssis qatılıb VİDEO
Şabran, 30 may, Elxan Yusifli, AZƏRTAC
Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı mayın 30-da Şabranda təşkil olunub.
Konfransa 13 ölkədən 40-a yaxın mütəxəssis - Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının yüksək səviyyəli nümayəndələri, sağlamlıq və müalicəvi imkanları geniş olan xarici ölkələrin şəhər və bələdiyyə rəhbərləri qatılıb. Azərbaycan isə konfransda sağlamlıq-müalicəvi imkanlarına malik Naxçıvan Muxtar Respublikası, Şabran, Naftalan, Qəbələ, Xaçmaz, Quba, Qusar kimi rayon və şəhərlərin nümayəndələri ilə təmsil olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev konfransın açılış mərasimində çıxış edərək Azərbaycanın qoşulduğu beynəlxalq mədəni marşrutlar barədə ətraflı məlumat verdi. Ölkəmizdə turizm sahəsinin inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlər barədə danışan nazir bildirdi ki, Azərbaycanda turizm sənayesi son illərdə yeni mərhələyə qədəm qoyub. Bu işlərin məntiqi nəticəsi olaraq hər il Azərbaycana gələn turistlərin sayı artır.
Əbülfəs Qarayev qeyd etdi ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb. Bu Sərəncam mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində böyük əhəmiyyətə malikdir.
Nazir ölkəmizin mədəni irsinin və tarixi abidələrinin təbliği məqsədilə bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurulduğunu diqqətə çatdırdı. Bildirildi ki, Mədəniyyət Nazirliyinin uğurla əməkdaşlıq etdiyi beynəlxalq qurumlardan biri də Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasıdır. Məhz bu əməkdaşlıq nəticəsində 2016-cı il yanvarın 21-də Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyası tərəfindən “Qalaaltı” kurortu assosiasiyanın “Termal şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulub.
Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti Giuzeppe Bellande beynəlxalq tədbirin əhəmiyyətindən danışaraq, “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının Şabranda keçirilməsi barədə qərarın 2016-cı ildə İtaliyanın Salsomaggiore şəhərində verildiyini bildirib. Azərbaycanın termal sulara malik bir sıra bölgələrinin olduğunu qeyd edən G.Bellande ölkəmizdə termal turizmin inkişaf imkanlarını yüksək qiymətləndirib.
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov isə çıxışında rayonun mədəni irsindən, turizm potensialından danışıb. Bildirilib ki, 2015-ci ildə istifadəyə verilən “Qalaaltı” kurortunun iqlim şəraiti və təkrarsız təbiəti buradakı meniral suyun faydalılığını daha da artırır. Burada dağ və dəniz havası bir-birinə qarışır, rütubət yoxdur. Hər tərəfdən meşə ilə əhatə olunub. Müalicəvi xüsusiyyətlərinə görə dünyada tanınan Qalaaltı suyundan qaraciyər, öd yolları iltihabı, böyrək daşı, böyrəyin xroniki iltihabı və digər uroloji xəstəliklərin müalicəsində istifadə olunur.
Konfransda Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Qasımov “Sağlamlıq turizminin imkanları”, Qlobal Sağlamlıq Turizmi Şurasının baş katibi Konstantin Konstantinides “Beynəlxalq sağlamlıq turizminin inkişaf etdirilməsi”, Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının başçısı Ruslan Quliyev isə “Azərbaycan kurortlarının beynəlxalq təşkilatlara üzvlüyü” mövzularında məruzə ilə çıxış ediblər.
Günün ikinci yarısında konfrans Avropanın termal xəritəsi üzrə təqdimat və müzakirələrlə davam etdiriləcək. Bununla yanaşı, beynəlxalq tədbir iştirakçıları “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksi ilə də yaxından tanış olacaqlar.