REGİONLAR
Mikayıl Müşfiq-110: “Mən şirin ləhcəli bir bülbüləm” VİDEO
Xızı, 5 iyun, Elxan Yusifli, AZƏRTAC
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin doğum günü Xızıda qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 110 il əvvəl dünyaya göz açan nakam şairi anmağa gələnlər rayonun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında toplaşıblar.
Mədəniyyət Nazirliyinin dəstəyi, Firudin Köçərli adına Respublika Uşaq Kitabxanası və Abşeron rayon Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Mikayıl Müşfiqin büstü qarşısına tər güllər düzüblər.
“Mən şirin ləhcəli bir bülbüləm” adlı tədbirdə çıxış edən şairlər, yazıçılar, elm və incəsənət xadimləri ölməz şairin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açıblar.
Bildirilib ki, Prezident İlham Əliyevin Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən ölkəmizin hər yerində böyük şairə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov, Əməkdar Jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, Xalq artistləri Nurəddin Mehdixanlı, Möhlət Müslümov və başqaları çıxış edərək, görkəmli poeziya ustasının yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində və gənclərimizdə vətənpərvərlik hisslərinin artırılmasında əvəzsiz xəzinə olduğunu qeyd ediblər.
Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələr yaradıb. Bu nümunələr Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirib. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.
Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.
Tədbirdə Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya göstərib, şairin şeirlərindən parçalar səsləndirib, incəsənət nümayəndələri musiqilər ifa ediblər.