Xaçmazda müəllim və şagirdlərinin əl işlərindən ibarət sərgi açılıb VİDEO
Xaçmaz, 13 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Dövlət Rəsm Qalereyasında Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin əl işlərindən ibarət sərgi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində təşkil olunan sərgidə 70-dən çox rəsm əsəri və dekorativ toxuma işləri nümayiş etdirilir.
Açılış mərasimində Xaçmaz Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Fərid Musayev çıxış edərək bildirib ki, sərginin məqsədi bu kimi sənət növlərinin yaşadılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsindən ibarətdir. Regionda dekorativ-tətbiqi sənət növünün yaşadılması və inkişafı məqsədilə regional idarə tərəfindən xüsusi layihə hazırlanıb. Bu sənət növlərinin gələcək nəsillərə ötürülməsi məqsədilə dərnəklərin yaradılmasının və sənətkarların əl işlərinin satışı üçün sərgi-satış mərkəzlərinin açılmasının nəzərdə tutulduğu qeyd olunub.
Xaçmaz Uşaq İncəsənət Məktəbinin direktoru Telnaz Adıgözəlova belə sərgilərin keçirilməsinin uşaqların gələcək fəaliyyətinə xüsusi təkan verəcəyini bildirərək, onların istedadlarının üzə çıxarılmasının vacibliyindən danışıb.
Tədbirdə Uşaq İncəsənət Məktəbinə Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və hədiyyə təqdim edilib.
Açılış mərasimindən sonra iştirakçılar rəsm əsərləri və dekorativ-tətbiqi sənət nümunəsi ilə tanış olublar.