11 İYUL - DÜNYA ƏHALİ GÜNÜNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Tədbiri ombudsman Elmira Süleymanova açaraq qaçqın və məçburi köçkün problemlərinin bütün dünyada daim diqqət mərkəzində olduğunu, eləcə də öz yurd-yuvalarından məhrum olmuş insanların 1 milyonunun ölkəmizin payına düşdüyünü, erməni təcavüzü nəticəsində respublikamıza və xalqımıza ölçüyəgəlməz maddi və mənəvi ziyan vurulduğunu söyləmişdir. Torpaqlarımızın 20 faizinin işğal olunduğunu, ölkə əhalisinin hər səkkiz nəfərindən birinin qaçqına və məcburi köçkünə çevrildiyini, çadırlarda doğulmuş 100 min uşağın bütün insan hüquqlarından məhrum olduğunu vurğulayan müvəkkil, iştirakçıların diqqətini ağır köçkünlük həyatı yaşanlanların, şəhid ailələrinin, əlillərin, ahılların, kimsəsiz, valideyn himayəsindən məhrum uşaqların təxirəsalınmaz ehtiyaclarına cəlb etmişdir. Natiq həmçinin köməyə ehtiyacı olan əhaliyə beynəxalq humanitar təşkilatların yardımının vacibliyini, bu yardımların azaldılmasının yolverilməzliyini söyləmiş, eləcə də ölkə Prezidentinin, dövlətin bu sahəyə yönəlmiş qayğı və diqqətindən söz açmışdır.
Respublika əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini T.Budaqob, nazirliyin şöbə müdiri V.Məmmədov, Qadın Problemləri üzrə Dövlət komitənin sədri Z.Quliyeva və digər natiqlər respublikamızda qaçqın və məcburi köçkünlərin əmək hüquqlarının və sosial problemlərinin həlli istiqamətində atılan addımlardan, ünvanlı sosial yardımlar üzrə proqramların, pensiya islahatının həyata keçirilməsindən, qadınların hüquqlarının təmin edilməsi sahəsində görülən işlərdən danışmışlar.
Qeyd olunmuşdur ki, əhalinin müvafiq qruplarının, o cümlədən uşaqların, əlillərin, qaçqın və məcburi köçkünlərin, hərbi qulluqçuların sosial-iqtisadi problemlərinin həllinə yönəldilmiş təkliflər Nazirlər Kabinetinə göndərilmişdir.
Tədbirdə demokratik mərkəzlərin yaradılması, əhalinin problemləri ilə bağlı maarifləndirmə işinin təkmilləşdirilməsi, ailə planlanması üzrə proqramların hazırlanması, işsizliyin aradan qaldırılması, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı ilə bağlı bir çox təkliflər də irəli sürülmüşdür.