11 İYUL - DÜNYA ƏHALİ GÜNÜNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
Tədbiri ombudsman Elmira Süleymanova açaraq, qaçqın və məçburi köçkün problemlərinin bütün dünyada daim diqqət mərkəzində olduğunu, öz yurd-yuvalarından məhrum olmuş insanların 1 milyonunun ölkəmizin payına düşdüyünü, Ermənistanın təcavüzü nəticəsində respublikamıza və xalqımıza ölçüyəgəlməz maddi və mənəvi ziyan vurulduğunu söyləmişdir. Çadırlarda doğulmuş 100 min uşağın bütün insan hüquqlarından məhrum olduğunu vurğulayan müvəkkil, iştirakçıların diqqətini ağır köçkünlük həyatı yaşayanların, şəhid ailələrinin, əlillərin, ahılların, kimsəsiz, valideyn himayəsindən məhrum uşaqların təxirəsalınmaz ehtiyaclarına cəlb etmişdir.
O, köməyə ehtiyacı olan əhaliyə beynəxalq humanitar təşkilatların yardımının vacibliyini, bu yardımların azaldılmasının yolverilməzliyini söyləmiş, eləcə də ölkə Prezidentinin, dövlətin bu sahəyə yönəlmiş qayğı və diqqətindən söz açmışdır.
Respublika əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini T.Budaqov, nazirliyin şöbə müdiri V.Məmmədov, Qadın Problemləri üzrə Dövlət komitəsinin sədri Z.Quliyeva və digər natiqlər respublikamızda qaçqın və məcburi köçkünlərin əmək hüquqlarının təmin olunması və sosial problemlərinin həlli istiqamətində atılan addımlardan, ünvanlı sosial yardımlar üzrə proqramların, pensiya islahatının həyata keçirilməsindən, qadınların hüquqlarının təmin edilməsi sahəsində görülən işlərdən danışmışlar.
Qeyd olunmuşdur ki, əhalinin müvafiq qruplarının, o cümlədən uşaqların, əlillərin, qaçqın və məcburi köçkünlərin, hərbi qulluqçuların sosial-iqtisadi problemlərinin həllinə yönəldilmiş təkliflər Nazirlər Kabinetinə göndərilmişdir.
Tədbirdə demokratik mərkəzlərin yaradılması, əhalinin problemləri ilə bağlı maarifləndirmə işinin təkmilləşdirilməsi, ailə planlaşdırması üzrə proqramların hazırlanması, işsizliyin aradan qaldırılması, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı ilə bağlı bir çox təkliflər də irəli sürülmüşdür.