Şabranda xalça istehsalı müəssisəsi və regional tədarük məntəqəsinin tikintisi ilin sonuna kimi yekunlaşacaq VİDEO
Şabran, 22 oktyabr, Elxan Yusifli, AZƏRTAC
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran filialı üçün yeni binanın və regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin tikintisi bu ilin sonuna kimi yekunlaşacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprel ayından tikintisinə başlanılan müəssisədə hazırda son tamamlama və daxili tərtibat işləri aparılır. Artıq toxuculuq dəzgahları və digər avadanlıqlar da müəssisəyə gətirilib.
Xalça istehsalı müəssisəsində 150 nəfər qadın işlə təmin olunacaq. Emalatxanada il ərzində təxminən 1800 kvadratmetr xalça toxunması nəzərdə tutulub.
Birmərtəbəli xalça istehsalı müəssisəsində toxuculuq emalatxanası, xalça-satış salonu, tibb otağı, konfrans zalı və digər inzibati otaqlar yerləşəcək.
İnşa edilən istehsal müəssisəsinin ümumi sahəsi 1200 kvadratmetr olacaq.
Xalçaçılıq müəssisəsi ilə yanaşı, yun və boyaq bitkilərinin tədarükü məntəqəsi də tikilir. Tədarük məntəqəsi regional xarakter daşıyacaq. Buranın imkanlarından Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarının sakinləri də bəhrələnəcəklər.
Şabranda inşa olunan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi ölkəmizdə xalça istehsalının xammal bazasının təşkili üçün mühüm əhəmiyyətə malikdir. Bu cür müəssisələr Naxçıvan şəhərində, Bərdə, Qobustan və Sabirabad rayonlarında da fəaliyyətə başlayacaq. Məntəqələrə gətirilən yun Sumqayıtda tikilən Əyirici-Boyaq Fabrikində emal ediləcək.
Cəmiyyətin bu il yaradılacaq xalça emalatxanalarında, tədarük məntəqələrində 2 minə yaxın insan daimi və mövsümi işlə təmin olunacaq.