REGİONLAR
Qubada 66 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinin növbəti mərhələsinə başlanılıb VİDEO
Quba, 29 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunda 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin növbəti mərhələsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda tikinti işləri yolun Rustov və Təngəaltı kəndlərindən keçən 6 kilometrlik hissəsində həyata keçirilir. Təmir-bərpa işləri zamanı yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra qazılmış hissəyə karbonat materialı tökülərək kipləşdiriləcək. Bundan sonra 13-14 metr enində yeni yol yatağı salınacaq. Yol kənarlarında 3-3,5 metr enində yeni çiyinlər tikiləcək. İki hərəkət zolaqlı olan yolun hərəkət hissəsinin eni 7 metr təşkil edəcək. Yolun bu hissəsinə 10 gün ərzində asfalt döşənməsinə başlanılacaq.
Yolboyu zəruri yerlərdə kommunikasiya xətləri yenilənməklə yanaşı, mövcud su boruları və su keçidləri bərpa olunur, giriş-çıxış hissələri təmizlənir, lazımi yerlərdə isə yeni su boruları tikilir.
Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı yaşayış məntəqələrindən keçən yolun ümumi uzunluğu 46 kilometrdir.
Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin 2019-cu ildə tamamlanması nəzərdə tutulub.
Bu yolun yenidən qurulması əhalinin gediş-gəlişini rahatlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Yolun tikintisi Qubada turizmin inkişafına əlavə təkan verəcək.