REGİONLAR
Beyləqanda Zəmi günü keçirilib VİDEO
Bakı, 1 noyabr, Xəyalə Məmmədova, AZƏRTAC
Noyabrın 1-də - Kənd Təsərrüfatı İşçiləri Günündə Beyləqan rayonunun Türklər kəndi ərazisində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi Almaniyanın “Claas” şirkəti ilə birgə Zəmi günü keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə müasir texnikalar nümayiş olunub, Almaniyadan dəvət edilmiş aqrar mütəxəssislər tərəfindən südlük iribuynuzlu heyvanlar üçün düzgün yem tədarükü, Azərbaycanın iqlim və münbitlik şəraitində yüksəkkeyfiyyətli yemlərin istehsalı yolları ilə bağlı ustad dərslər təşkil edilib.
Zəmi günündə fermerlərə dünyanın ən yeni silos kombaynlarından olan “JAGUAR 850” texnikasının iş prosesi nümayiş olunub.
“Claas Global Sales GmbH”nin regional ixrac meneceri Vasili Zayder çıxış edərək, “JAGUAR 850” texnikasının üstünlüklərindən danışıb.
“PPMA GmbH & Co.KG”nun iqtisadçısı Bernd Henn yemin düzgün tədarük edilməsi, yüksəkkeyfiyyətli yemlərin hazırlanması, həmçinin səmərəli yem kombaynının seçiminin keyfiyyətli yemin əldə edilməsində vacibliyi ilə bağlı ustad dərsi keçib.
Təqdimatlardan sonra silosbiçən texnikanın üstünlükləri nümayiş etdirilib, zəmidəki kombaynların işini tam olaraq izləyən və sənədləşdirən, müştərilərə işgüzar prosesləri effektiv şəkildə qurmağa imkan verən innovativ “Claas Telematics” telemetrik sistemi təqdim olunub.