Qusarın Piral və Cibir kəndlərində 1020 abonent ilk dəfə təbii qazla təmin ediləcək VİDEO
Qusar, 5 noyabr, Elxan Yusifli, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Qusar rayonunun Piral və Cibir kəndlərinin “mavi yanacaq”la təmin olunması işləri yekunlaşmaq üzrədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti işləri yekunlaşdıqdan sonra yaşayış məntəqələrində 1020 abonent ilk dəfə “mavi yanacaq”la təmin ediləcək. Artıq işlərin 95 faizi görülüb. Hazırda hər iki kənddə abonentlər üçün sayğac və fərdi tənzimləyicilər quraşdırılır.
Piral kəndində qazlaşdırma işlərinə aprel ayından start verilib. Kəndin qazla təmin olunması üçün 38 min metrə yaxın müxtəlif diametrli polad və polietilen borulardan istifadə edilib.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq olunub. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Kəndlərin qazlaşdırılması Azərbaycan Prezidentinin "Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında" 2018-ci il 5 mart tarixli Sərəncamına əsasən icra olunur.