REGİONLAR
Qaxın emal məntəqəsi hər gün fermerlərdən 20-30 ton yaşıl tütün kütləsi qəbul edir
Qax, 27 iyul, Mustafa Dadaşov, AZƏRTAC
“Azərtütün” MMC-nin Qax rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə bu günədək Qax və Şəki rayonlarının ərazilərindəki fermer təsərrüfatlarından 303 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, mövsümün əvvəlindən indiyədək məntəqədə 14,7 ton quru tütün istehsal edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə emal məntəqəsinin müdiri Polad Mirzəxanov məlumat verib.
Məntəqə müdiri bildirib ki, hər gün müəssisəyə qurudulmaq üçün 20-30 ton yaşıl tütün gətirilir. Avqustun əvvəllərindən tütün tədarükünün daha da artacağı gözlənilir. Hazırda məntəqədə olan 60 tütünqurutma kamerasından 30-u işlək vəziyyətdədir.
Müəssisə rəhbərinin sözlərinə görə, fermer Şahid İsmayılov indiyədək məntəqəyə rayon üzrə hamıdan çox - 23 ton “Virciniya” növlü yaşıl tütün təhvil verib. Qaxingiloy kəndindən Elşən İbrahimov emal məntəqəsinə hələlik 12,1 ton, Dəymədağlı kəndindən Tamerlan Musayev 11,5 ton, Qaxbaş kəndindən Emil Qədirov isə 9,5 ton yaşıl tütün gətirib.
Hazırda məntəqədə 26 nəfər daimi və 35 nəfər mövsümi işçi çalışır. Tütün tədarükü artdıqca, məntəqəyə əlavə mövsümi işçilər cəlb ediləcək.