REGİONLAR
ADAU-nun Baytarlıq Klinikasında təcrübəli baytarlar tələbələrlə birgə ev heyvanlarının qayğısına qalırlar
Gəncə, 15 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızda yüksək ixtisaslı aqrar kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetinin son illərdəki inkişafı yüksək nailiyyətlərlə şərtlənib. Bu dövrdə universitetin infrastrukturu müasirləşdirilib, maddi-texniki bazası zənginləşdirilib, elmi, texniki kadr potensialı müasir təhsilli gənclər hesabına daha da yüksəldilib.
Hazırda zəngin elmi tarixi keçmişini müasir inkişafı ilə harmonik şəkildə birləşdirməyi bacaran universitet nəinki Azərbaycanın, eləcə də Qafqazın və Şərqi Avropanın ən böyük ali təhsil müəssisəi kimi öz inkişafının yüksəliş dövrünü yaşayır.
Eyni zamanda, universitetin kollektivi yaxşı başa düşür ki, canlı aləmin müdafiəsi və mühafizəsi bəşəriyyətin gələcəyinin zəmanətidir. Elə ona görə də hər bir insanın təbiəti sevmək və qorumaq kimi missiyası var. Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinə bu sevgini aşılamaq və ali ixtisaslı peşəkar mütəxəssislər kimi yetişdirməklə yanaşı, həm də onları planetimizin müdafiəçisinə çevirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində yaradılan Baytarlıq Klinikasında təcrübəli baytarlar tələbələrlə birgə ev heyvanlarının qayğısına qalırlar.
Burada istifadə olunan 29 adda avadanlıq və alət Türkiyə, Kanada, Almaniya, ABŞ və Cənubi Koreyada istehsal olunub və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi ilə klinikaya verilib. Baytarlıq Klinikasında ev heyvanlarının ümumi müayinəsi, ultrasəslə müayinəsi, rentgen, cərrahiyyə əməliyyatları müasir standartlara uyğun və steril şəraitdə həyata keçirilir. Cərrahiyyə əməliyyat otaqları xüsusi antibakterial üzlüklü mebel və tibbi avadanlıqlarla təchiz edilib. Burada ev heyvanlarının müayinəsi, vaksinasiyası, sterilizə işləri, eyni zamanda, dırnaqlarının tutulması, tüklərinin qırxılması və çimizdirilməsi də həyata keçirilir.
Təcrübəli baytarlar bildirirlər ki, ev heyvanlarının vaxtaşırı müayinəsi çox vacibdir. Çünki düzgün qulluq edilməyən ev heyvanı sahibini və ətrafdakıları yoluxucu xəstəliklərə yoluxdura bilər. Ona görə də, evlərində, həyətlərində müxtəlif heyvanlar saxlayan vətəndaşlar, yaxud təsərrüfat sahibləri heyvanlarında hər hansı xəstəliklə və ağır vəziyyətlə qarşılaşdıqda universitet nəzdində fəaliyyət göstərən klinikaya müraciət edə bilərlər.