Ağdam rayon Təzəkənd məktəbi üçün quraşdırılan modul tipli bina istifadəyə verilib VİDEO
Ağdam, 3 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayon Təzəkənd tam orta məktəbi üçün quraşdırılan modul tipli bina istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Məktəbin direktoru Soltan Abbasov çıxışında bildirib ki, Təzəkənd kənd tam orta məktəbinin 1987-ci ildə inşa edilmiş binası 1993-cü ildə Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində dağılmışdı. Məktəb binası 2003-cü ildə bərpa edilsə də, 2016-cı ilin Aprel döyüşləri zamanı qəzalı vəziyyətə düşmüşdü. Məktəb üçün modul tipli binanın qurularaq istifadəyə verilməsi valideynlərin, müəllimlərin və şagirdlərin böyük sevincinə səbəb olub.
Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mehman Mustafayev müəllim, şagird və valideynləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Bildirib ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Belə məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqları sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.
Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova təhsilin inkişafına göstərilən dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edib ki, respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, yeni məktəb binaları inşa olunur, mövcud məktəblər təmir edilir və ya yenidən qurulur. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayon üzrə ali məktəblərə qəbul olan gənclərin sayı hər il artır.
Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi Valeh Kərimov, Təzəkənd ərazi icra nümayəndəsi Qurban Tanrıverdiyev, bələdiyyə sədri Elşən Abbasov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagirdlərə xoş arzularını çatdırıblar.
Tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri və şagirdlər dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Səksən şagird yerlik məktəb 8 sinif otağı, müəllimlər və direktor otaqları, sanitar qovşaqdan ibarətdir. Binaya istilik sistemi, qaz və su xətləri çəkilib, nəzarət kamerası quraşdırılıb. Həyətində su çəni qoyulub, çirkab su anbarı tikilib, abadlıq işləri aparılıb, yerə asfalt örtük döşənib. Məktəb avadanlıq və inventarla təmin edilib.