Karantin rejimini pozaraq istirahətə gedən şəxslərdən narkotik tapıldı VİDEO
Şabran, 13 aprel, Elxan Yusifli, AZƏRTAC
Bakı şəhər sakinləri Murad Quliyev və Mustafa Əsgərov “Hyundai H-1” markalı nəqliyyat vasitəsi ilə Bakı-Quba istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar Şabran rayonu Gəndob kəndi ərazisindəki postda saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları müəyyənləşdiriblər ki, həmin şəxslər icazə sistemi vasitəsilə ərzaq almaq üçün 2 saatlıq icazə alaraq istirahət etmək məqsədilə şimal bölgəsinə gəlmək istəyiblər.
Murad Quliyev və Mustafa Əsgərov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən hər iki şəxs özlərini şübhəli apardıqları üçün onların üzərilərinə və nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman Mustafa Əsgərova məxsus həmin nəqliyyat vasitəsində gizlədilən ümumilikdə üç kibrit qutusunda qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Murad Quliyev və Mustafa Əsgərov həmin narkotiklərin onlara məxsus olduğunu etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.