Qubanın Qonaqkənd qəsəbəsində yeni mədəniyyət evi və parkın tikintisi may ayında yekunlaşacaq VİDEO
Quba, 13 aprel, Elxan Yusifli, AZƏRTAC
Qubanın Qonaqkənd qəsəbəsində yeni mədəniyyət evinin və parkın tikintisi may ayında başa çatacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəsəbədə tikilən yeni mədəniyyət evində mədəni tədbirlərin keçirilməsi, yerli folklor qruplarının, dərnəklərin fəaliyyəti nəzərdə tutulub. Ümumi sahəsi 350 kvadratmetr olan binada 55 nəfərlik tamaşa zalı, oxu zalı və başqa xidməti otaqlar fəaliyyət göstərəcək.
Bununla yanaşı, qəsəbədə ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında xatirə kompleksinin qurulması və 1500 kvadratmetr ərazidə yeni parkın salınması da nəzərdə tutulub. Parkda müasir işıqlandırma sistemi qurulacaq, dekorativ ağaclar əkiləcək.
Son illər Qubanın qədim yaşayış məntəqələrindən olan Qonaqkənd qəsəbəsinin sakinləri üçün sosial infrastruktur layihələrinin icrası ilə əlamətdar olub. 2019-cu ildə rayon mərkəzindən 47 kilometr məsafədə yerləşən yaşayış məntəqəsinə müasir yol çəkilməsinin ardınca, qəsəbənin qazlaşdırılması işləri həyata keçirilib.