REGİONLAR
Şabranda 1000-dən çox aztəminatlı ailəyə ərzaq yardımı paylanılıb VİDEO
Şabran, 14 aprel, Elxan Yusifli, AZƏRTAC
"Evdə qal" çağırışına qoşulan Şabran Rayon İcra Hakimiyyəti tərəfindən rayonun 68 yaşayış məntəqəsində 1000-dən çox aztəminatlı ailəyə ərzaq yardımı paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq, Şabran rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində davamlı olaraq sanitar-profilaktik tədbirlər həyata keçirilir, mobil qruplar tərəfindən maarifləndirmə işləri davam etdirilir.
Rayonda aztəminatlı ailələrə, ahıl və tənha insanlara xüsusi diqqət və qayğı göstərilir. Bu qəbildən olan insanlara mütəmadi olaraq baş çəkilir, sosial problemlərinin həllinə kömək göstərilir.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon icra hakimiyyəti başçısı aparatı, inzibati ərazi nümayəndəlikləri, bələdiyyələr və könüllü fəallardan ibarət mobil qrup yaradılıb. Mobil qruplar vasitəsilə imkansız ailələr öyrənilərək onlara yardım edilir. Həmçinin vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsi, digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanır. Vətəndaşlara özlərinin və ailə üzvlərinin sağlamlığı naminə onlarla aparılmış təbliğat işlərinə tam məsuliyyətlə əməl etmələri tövsiyə olunur.