SİYASƏT
Samir Həsənov: Avropa İttifaqı Dağlıq Qarabağdakı münaqişənin nizamlanmasına maraq göstərmir VİDEO
Berlin, 2 oktyabr, AZƏRTAC
Avropa İttifaqı siyasi təsisat olmaqla, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına heç vaxt kömək etməyib.
AZƏRTAC xəbər verir ki, AFR-də yaşayan soydaşımız, politoloq Samir Həsənov bu fikrini “Alman dalğası” agentliyinə müsahibəsində bildirib.
“Avropada çoxları Dağlıq Qarabağın heç adını da eşitməyiblər. Avropalı siyasətçilərin fikrincə, bu, onların maraq sahəsi deyil, Rusiyanın problemidir”, - deyə respondent müsahibəsində vurğulayıb.
“Dağlıq Qarabağda münaqişə politoloq üçün “öyrənmə obyekti” deyil, onun şəxsi taleyinin bir hissəsidir”, - deyə qısa videoreportajın kadr arxasında səsləndirilir.
Samir Həsənov müsahibəsində deyir: “Mən özüm bu münaqişəni uşaqlıqda yaşamışam. Bizim şəhərimiz cəbhə xəttinin təqribən 50 kilometrliyində yerləşir. Mən qaçqınları 1993-cü ilin aprelində - şəhərimizə gəldikləri vaxt görmüşəm. Bir gecədə gələnlərin sayı 60 min nəfərə bərabər idi”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin