REGİONLAR
Cəbhə bölgəsinin sakinləri: Prezidentimizə, ordumuza güvənirik, qələbəyə böyük inamımız var FOTO VİDEO












Ağdam, 14 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutur. Nəticədə kənd və qəsəbələrdə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyir. Lakin düşmənin təxribatları cəbhəyanı kəndlərin sakinlərini qorxutmur. Yaşayış məntəqələrində həyat öz axarı ilə davam edir. Sakinlər Azərbaycan Ordusuna güvənərək öz doğma kəndlərini tərk etmir, gündəlik işləri ilə məşğul olurlar.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri düşmənin hədəfə aldığı yaşayış məntəqələrindən birinə gedərək, qəhrəman kənd sakinləri ilə həmsöhbət olub.
Ermənistan hərbçilərinin atəşi nəticəsində mərmilərdən biri də Səlim Cəfərovun həyətinə düşüb. Xoşbəxtlikdən ailə üzvlərindən heç kim xəsarət almayıb. Səlim Cəfərovun həyat yoldaşı Gültəkin Əliyeva düşmənin təxribatlarından qorxmadıqlarını bildirib: "Mərminin həyətdə açdığı çuxuru gördünüz. Qəlpələr evin yuxarı hissələrinə, pəncərələrə ziyan vurub. Düşmənin artilleriya atəşi nəticəsində qaz xətlərinə də ziyan dəyib. Odur ki, odun sobasından istifadə edirik. Lakin bunlara baxmayaraq, kəndimizdəyik, heç yerə gedəsi deyilik".
Digər sakin Elnaz Əliyeva isə deyib: "Əgər düşmənin təxribatlarından qorxsaydıq, burada olmazdıq. Biz ona görə buradayıq ki, Prezidentimizə, ordumuza güvənirik, qələbəyə böyük inamımız var. Ataların bir sözü var - özgə atına minən tez düşər. Düşmənlərimiz də tezliklə torpaqlarımızı tərk edəcəklər".
Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb.