CƏMİYYƏT
Ağstafada xüsusi karantin rejimi qaydalarına nəzarət gücləndirilib VİDEO
Bakı, 19 dekabr, AZƏRTAC
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə fəaliyyətinə icazə verilən obyektlərdə, əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Reydlərdə bəzi ticarət obyektlərinin xüsusi karantin rejiminin tələblərinə zidd olaraq müştərilərə yerində xidmət göstərməsi aşkarlanıb. Bundan başqa, polis əməkdaşları bank və ATM-lərin qarşısında dayanan vətəndaşlara növbə zamanı sosial məsafənin gözlənilməsini mütəmadi olaraq təmin edirlər. Aşkarlanan hüquqazidd əməllərin qarşısı alınaraq, qanunvericiliyə uyğun tədbirlər görülüb.
Rayon polis şöbəsinin dövlət yol polisi bölməsi də dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maariflədirici söhbətlər aparıb, onları xüsusi karantin rejimi qaydalarına riayət etməyə çağırıblar. Tibbi maskadan istifadənin zəruriliyi, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb. Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər, sərnişindaşıma ilə məşğul olan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və onlar cərimələniblər.