Cəbrayılda Ermənistan ordusunun atıb qaçdığı xeyli silah-sursat aşkar edilərək götürülüb VİDEO


Cəbrayıl, 24 fevral, AZƏRTAC
İşğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Belə ki, tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 10 ədəd müxtəlif tipli qumbaraatan və onlara məxsus 6 ədəd mərmi, 6 ədəd AK-74 avtomatı, 1 ədəd RPK pulemyotu, 4 ədəd müxtəlif markalı snayper tüfəngi, 150-dən çox avtomat sandığı, ümumi sayı 10 mindən artıq müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək götürülüb.