CƏMİYYƏT
Aynur Sabitova: Prezident İlham Əliyev Əfv Sərəncamı imzalamaqla minlərlə insana sevinc bəxş etdiVİDEO
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və cəza siyasətinin humanistləşdirilməsinə daim böyük önəm verən Prezident İlham Əliyev ötən gün növbəti humanist addım olaraq, "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzaladı. Bu Əfv Sərəncamı ümumilikdə 625 məhkuma şamil olunub. Biz - ictimaiyyətin nümayəndələri və Ədliyyə Nazirliyinin təmsilçiləri Sərəncamın icrası prosesində birgə iştirak edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova martın 19-da jurnalistlərə müsahibəsində deyib.
Sərəncamın icrasının artıq başa çatdığını vurğulayan Aynur Sabitova deyib: “Bizim üçün əziz olan Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin Əfv Sərəncamı imzalaması minlərlə insana sevinc bəxş etdi. Ölkəmizdə Prezident İlham Əliyev tərəfindən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əfv və amnistiya aktlarının imzalanması ənənəyə çevrilib. Dövlətimizin başçısı 2017-ci il fevralın 10-da cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncam imzalayıb. Həmçinin dövlət başçısının qanunvericilik təşəbbüsü ilə bir sıra qanunvericilik aktlarına, o cümlədən Cinayət Məcəlləsinə əsaslı dəyişikliklər edilib, bir çox əməllər dekriminallaşdırılıb. Ötən dövrdə məhkəmələrdə yeni qanunların təsiri altına düşən minlərlə məhkumla bağlı işlərə baxılıb. Məhkumların bəziləri cəzalarının qalan hissəsindən tam azad olunub, digər şəxslərin əməlləri yenidən tövsif edilərək cəza müddətləri azaldılıb. Həmin Sərəncama əsasən, Azərbaycanda Probasiya Xidməti təsis olunub. Probasiya Xidmət azadlıqdan məhrumetməyə alternativ, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasını həyata keçirir və belə cəzalara məhkum olunmuş şəxslərə səmərəli probasiya nəzarəti edir. Bu gün həmçinin, Probasiya Xidmətində də azadlığa qovuşanlar var. Novruz bayramı ərəfəsində bizə bu sevinci yaşadığına görə əfv olunanların ailələri adından Azərbaycan Prezidentinə minnətdarlığımızı bildiririk”.