Sevinc Fətəliyeva: Həqiqətlərin düzgün və şəffaf çatdırılması üçün jurnalistlərə təhlükəsiz şərait yaradılmalıdır VİDEO
Strasburq, 23 iyun, AZƏRTAC
AŞPA-nın yay sessiyası çərçivəsində media azadlığı və ictimai etimad məsələsi müzakirə olundu. Azərbaycanda bu gün medianın - ənənəvi, eləcə də sosial medianın rolu böyükdür. Bu sahədə xalq-iqtidar birliyindən danışmalıyıq. Müəyyən sosial, humanitar problemlərin həllində insanların fəal iştirakı, bunun dövlət tərəfindən diqqət mərkəzində saxlanılması və həll edilməsi nümunəvi hal kimi qəbul edilə bilər.
Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, bu gün medianın üzərinə böyük məsuliyyət düşür.
“44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə media böyük rol oynadı. Media reallıqları dünyaya çatdırmaqda, eləcə də informasiya mübarizəsində fəal oldu, jurnalistlərimiz əsl həqiqətləri dünyaya vaxtında çatdırdılar. Ancaq baş verən hadisələrlə bağlı həqiqətləri dünyaya çatdıran jurnalistlərin həyatları təhlükə altına düşür. Həqiqi məlumatlar əldə etmək və reportaj hazırlamaq üçün Kəlbəcərə gedən iki azərbaycanlı jurnalist erməni minasının partlaması ilə həyatını itirdi. Bu məsələni - yəni, jurnalistlərin həyatının təhlükə altında olması məsələsini sessiyada qaldırdıq. Əgər medianın şəffaf olmasını, məlumatların düzgün çatdırılmasını istəyiriksə, belə halların qarşısı alınmalıdır. İşğalçı və minaların təmizlənməsinə maneə törədən qüvvələrə təzyiqlər göstərilməlidir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.
Qeyd edilib ki, Azərbaycanda, eləcə də dünyanın bütün ölkələrində media çox vacib rol oynayır. Bu gün qarşımızda erməni vandalizmini dünyaya çatdırmaq vəzifəsi dayanır. Bu, çox məsuliyyətli işdir. Belə məlumatların düzgün çatdırılması üçün jurnalistlərə təhlükəsiz şərait yaradılmalıdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq