REGİONLAR
Ombusman: Ermənistanın müharibə cinayətləri ilə əlaqədar faktaraşdırıcı missiyalara başlanılıb VİDEO
Beynəlxalq ictimaiyyət uzun illər torpaqlarımızın işğal faktını, soydaşlarımızın faciələrini sadəcə seyr etməklə kifayətlənib
Ağdam, 30 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı olaraq mandatımız çərçivəsində İkinci Qarabağ müharibəsinin ilk günlərindən Ermənistan silahlı qüvvələrinin ərazilərimizə hərbi təcavüzü, mülki yaşayış məntəqələrimizi atəşə tutmaları, törətdikləri müharibə cinayətləri nəticəsində baş vermiş insan ölümü və dağıntılarla bağlı faktaraşdırıcı missiyaların həyata keçirilməsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdamda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva söyləyib.
Ombudsman bildirib ki, təsisat tərəfindən hesabatlar, bəyanat və müraciətlər hazırlanaraq beynəlxalq və regional təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və müvafiq istiqamətlər üzrə xüsusi məruzəçilərə göndərilib, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunub, xarici mediada işıqlandırılıb. Bu gün də bu fəaliyyət geniş şəkildə davam etdirilir.
“Bu fəaliyyət insan hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki beynəlxalq ictimaiyyət uzun illər torpaqlarımızın işğal faktını, tarixi, dini, mədəni, təhsil, səhiyyə və sosial obyektlərin dağıdılmasını, soydaşlarımızın başına gətirilən faciələri sadəcə seyr etməklə kifayətlənib. Qeyd edim ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətləri, dağıdılmış tarixi, dini, mədəni, təhsil, səhiyyə və sosial obyektlərlə bağlı hesabatların hazırlanması məqsədilə BMT səviyyəsində akkreditasiya olunmuş beynəlxalq və regional təşkilatlar, xarici ölkə ombudsmanları və beynəlxalq ekspertlərin iştirakı ilə tədqiqatlar, birgə faktaraşdırıcı missiyalar həyata keçiriləcək”, - deyə Azərbaycan Ombudsmanı qeyd edib.
Türkiyə Respublikasının İnsan Hüquqları və Bərabərlik Qurumu nəzdində təcrübəli tədqiqatçılardan ibarət Qarabağ Müşahidə Qrupunun yaradıldığını söyləyən S.Əliyeva bildirib ki, bu qrupla birgə Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətləri ilə bağlı faktaraşdırıcı missiyalar həyata keçiriləcək: “Faktaraşdırıcı missiyanın yekununda hesabat hazırlanacaq. Bu da Ermənistanın müharibə cinayətlərinə dair faktların beynəlxalq və regional təşkilatlara çatdırılması, müstəqil mənbələrə istinad olunması baxımından mühüm əhəmiyyət kəsb edir”.