Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları bir neçə uğurlu əməliyyat tədbiri keçiriblər VİDEO
Bakı, 30 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, eləcə də qanunsuz odlu silah-sursat saxlayan şəxslərin aşkarlanaraq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində növbəti silsilə əməliyyatlar keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarənin əməkdaşları əvvəlcə üzərində qanunsuz silah-sursat saxlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş Söhrab Əhmədzadəni Suraxanı rayonu ərazisində saxlayıblar. Onun üzərinə baxış zamanı “Beretta” markalı tapança, həmin silaha aid sandıqca və dörd patron aşkarlanıb.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində isə üzərlərində və yaşadıqları evlərdə qanunsuz odlu silah-sursat saxlayan dörd nəfər saxlanılıb. Əməliyyat zamanı Rəşid Behbudov, Şöhrət Zeynalov, Həsən Qeybəliyev və əvvəllər Cinayət Məcəlləsinin 120.1-ci və 221.1-ci maddələri ilə məhkum olunmuş Fuad Məmmədov saxlanılıb. Həmin şəxslərdən 2 ədəd “TT” markalı tapança, 3 sandıqça, 3 əl qumbarası, “Sayqa” markalı avtomat silah, bir avtomat darağı, ov tüfəngi və müxtəlif çaplı çoxlu sayda patron aşkarlanaraq götürülüb.
Narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri zamanı isə Xızı rayonunun Giləzi qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Azər Rəhimov saxlanılıb. Onun Giləzi qəsəbəsində yaşadığı evin həyətindən aqrotexniki qaydada əkib-becərdiyi 448 kiloqram çəkidə 301 çətənə bitkisi aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində satmaq məqsədilə əkdiyini bildirib.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini Ülvi Məmmədov tutulub. Həmin şəxsin üzərindən və yaşadığı evdən satış üçün nəzərdə tutularaq qablaşdırılan 157 büküm qurudulmuş marixuana və iki elektron tərəzi aşkarlanıb. Araşdırma və təyin edilən ekspertizalar zamanı müəyyən olunub ki, Ülvi Məmmədovdan aşkarlanan narkotik vasitələrin bir qismi insan orqanizmi üçün olduqca təhlükəli hesab edilən “Psilosibin” göbələklər qrupuna aiddir.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Saxlanılan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.