Ermənistanın müharibə cinayətləri barədə protokollar beynəlxalq insan hüquqları təşkilatlarına, BMT və Avropa Şurasına göndəriləcək VİDEO
Ağdam, 30 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın müharibə cinayətlərinin araşdırılması ilə bağlı Qarabağ Müşahidə Qrupu yaratdıq. Müharibənin ilk günlərindən Azərbaycan Ombudsmanı ilə işbirliyi qurduq və birgə addımlar atdıq. Lakin müharibədən sonra azad edilmiş ərazilərdə törədilmiş cinayətləri öz gözlərimizlə görmək istədik. Buna görə də bu gün Ağdama səfər etmişik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdamda jurnalistlərə açıqlamasında Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Süleyman Arslan bildirib.
Azərbaycanın 30 ilə yaxındır hüquqlarının tapdalandığını xatırladan Süleyman Arslan deyib: “Faktaraşdırıcı qrupumuz azad olunmuş ərazilərdə hüquqi dəyərləndirmələr aparacaq, faktlar protokollaşdırılacaq. Bu protokolları beynəlxalq insan hüquqları təşkilatlarına, BMT, Avropa Şurası kimi qurumlara göndərəcək və Ermənistanın müharibə cinayətlərini sübut edəcəyik”.