Sabunçu rayonunda 15 tondan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Bakı, 5 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Sabunçu rayonunun Maştağa qəsəbəsində istixanalarda külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatları daxil olub. Dərhal həmin ərazi nəzarətə götürülüb.
Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin bağ sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Zülfüqar Heybətov, Əlihüseyn Mahmudov və Nofəl Abdıyev saxlanılıblar. Zülfüqar Heybətova məxsus bağ sahəsinin həyətindəki istixanalara baxış zamanı onun adları çəkilən digər şəxslərlə birlikdə əkdiyi ümumi çəkisi 11 ton 127 kiloqram olan 7380 çətənə kolu aşkar edilib. Həmçinin əməliyyat tədbirlərinin davamı olaraq həmin bağ sahəsinin yardımçı otaqlarından əlavə 38 kiloqram marixuana, müvafiq sənədləri olmayan 2 ov tüfəngi və 17 patron aşkarlanıb. Onlar ifadələrində narkotik tərkibli bitkiləri bu ilin aprelində əkdiklərini və inkişafı üçün xüsusi qulluq etdiklərini bildiriblər.
Həmçinin Baş İdarənin əməkdaşları tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsində vətəndaş Hafiz Daşdəmirovun da həyətində istixanalarda çətənə kollarını kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olub. Onun yaşadığı ünvanda keçirilən əməliyyat nəticəsində həmin şəxs saxlanılıb. Hafiz Daşdəmirovun həyətindəki istixanalara baxış zamanı xüsusi qulluq edərək yetişdirdiyi 4 ton 573 kiloqram çəkidə 4676 çətənə kolu, 93 kiloqram çəkidə çətənə bitkilərinin hissələri və 33 kiloqram marixuana aşkarlanıb. O da ifadəsində narkotik tərkibli bitkiləri bu ilin aprelində əkdiyini və xüsusi qulluq etdiyini bildirib.
Sonuncu əməliyyatlar zamanı Baş İdarə tərəfindən ümumilikdə 15 ton 700 kiloqram çəkidə 12 min 56 çətənə kolu, eləcə də 164 kiloqram marixuana və çətənə bitkisinin hissələri qanunsuz dövriyyədən çıxarılıb.
Aşkarlanan faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Saxlanılan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.