CƏMİYYƏT
Türkiyənin daxili işlər naziri: Birbaşa dəstəkləri ilə yanımızda olan azərbaycanlı qardaşlarımıza dərindən təşəkkür edirik VİDEO
Marmaris, 2 avqust, AZƏRTAC
Bu çətin günlərdə, alovun evlərimizi yandırdığı bir vaxtda yanımızda olduqlarına görə Azərbaycana, bütün qardaşlarımıza təşəkkür edirik.
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Marmarisdə yanğın böhranı bölgəsində AZƏRTAC-ın xüsusi müxbirinə açıqlamasında bildirib.
Nazir bildirib: “Antalyada, Muğlada tüğyan edən yanğınların söndürülməsinə həm duaları, həm də verdikləri dəstəklə yanımızda olan bütün Azərbaycana minnətdarıq”.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 31-də Türkiyəyə gəlib. Ötən gün axşam saatlarında isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə yola salınıb. İkinci qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 təcili tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir.
İkinci qrup artıq Türkiyə ərazisinə daxil olub və yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Marmaris