ORDU
Şəhid gizir Naiq Ələkbərovun ailəsi ziyarət olunub VİDEO
Bakı, 5 avqust, AZƏRTAC
Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərərək şəhid olmuş gizir Naiq Ələkbərov Faiq oğlunun ailəsi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ziyarət edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şəhidin xatirəsi ehtiramla yad edilib. Vətən üçün belə cəsur oğul böyütdüklərinə görə şəhidin valideynlərinə dərin minnətdarlıq ifadə olunub. Cəsur döyüşçünün xatirəsini yad etməyə gələnlər Naiq Ələkbərovun evində düzəldilmiş “Şəhidlər ölməz - Vətən bölünməz” guşəsinə baxıblar. Guşəyə cəsur döyüşçünün bir vaxtlar oxuduğu kitablar, fotoları, müxtəlif illərdə xidmətdə fərqləndiyinə görə aldığı fəxri fərmanlar və Vətən müharibəsində qəhrəmanlığı sayəsində layiq görüldüyü orden və medallar qoyulub.
Gizir Naiq Ələkbərov Vətən müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.
Sonda gizir Naiq Ələkbərovun valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində “Şəhidlər ölməz” adlı tədbirlər silsiləsindən şəhid İlkin Zülfüqarovun və Naiq Ələkbərovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində hər iki şəhidin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Çıxış edənlər İlkin Zülfüqarov və Naiq Ələkbərovla bağlı olan xatirələrini dilə gətiriblər.
Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən mahnılar oxuyublar.