Kaan Şah: Azərbaycan yanğın-xilasetmə qüvvələrinin yanımızda olması cəmiyyətimizdə ruh yüksəkliyinə böyük təsir göstərir VİDEO
Aydın, 8 avqust, AZƏRTAC
Türkiyədə təbii fəlakətlərin insanlarımızda yaratdığı fəsadların aradan qaldırılması daim diqqətdə olan bir məsələdir. İstər təbii fəlakət vaxtı, istərsə də sonrakı dövrdə, xüsusilə qadın, uşaq və qocaların gərginliklərini aradan qaldırmaq, mənəvi-psixoloji reabilitasiya ölkəmizdə mühüm bir istiqamətdir.
Bu fikirləri AZƏRTAC-ın yanğın böhran bölgəsində fəaliyyət göstərən xüsusi müxbirinə açıqlamasında Türkiyənin ailə və sosial xidmətlər nazirliyinin əməkdaşı, sosioloq Kaan Şah ifadə edib.
Bütünlükdə cəmiyyətdə, o cümlədən təbii fəlakətlər nəticəsində müəyyən gərginliklərə məruz qalan təbəqələrin psixoloji sabitliyinin qorunmasını olduqca vacib sosial təsisat kimi dəyərləndirən sosioloq Kaan Şah deyib: “Azərbaycan yanğın-xilasetmə qüvvələrinin bu çətin günlərdə yanımızda olması cəmiyyətimizdə ruh yüksəkliyinin qorunması baxımından mühüm elementdir. Tənha olmadığına əminlik hər kəsdə mübarizə hissini yüksəldir. Bu anlayış ölkələrə və xalqlara da aiddir. Azərbaycan və Türkiyə tək ürəklə hər zaman bir yerdə olublar. Yanğınla mücadilə apardığımız çətin günlərdə qardaş azərbaycanlıların yanımızda olması ortaq dəyərlərimizin sarsılmaz olduğunu bir daha dünyaya göstərdi. Böyük Tanrımızın yardımı ilə əbədiyyətə qədər birlikdə və güclü olacağıq”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Aydın