CƏMİYYƏT
FHN-nin məsul əməkdaşı: Muğlada olmağımızın səbəbi Azərbaycan-Türkiyə qardaşlığına sədaqətimizdir VİDEO
Muğla, 12 avqust, AZƏRTAC
Muğlada olmağımızın səbəbi Azərbaycan-Türkiyə qardaşlığına sədaqətimizdir. Fövqəladə Hallar Nazirliyinin buradakı əməkdaşları böyük ruh yüksəkliyi ilə çalışırlar. Yanğınılar davam edir. Əməkdaşlarımız həm yanğınların söndürülməsi, həm də yaşayış məskənlərinin yanğından mühafizəsi üçün böyük səy göstərirlər.
Bu fikirləri AZƏRTAC-ın yanğın bölgəsində fəaliyyət göstərən xüsusi müxbirinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin bölmə rəisi, daxili xidmət mayoru Zahid Nəzərli söyləyib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə tədbirlərini uğurla davam etdirirlər. Qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi təcrübəli və peşəkar heyət, 93 xüsusi texnika, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. Türkiyədəki bütün qüvvələrlə fasiləsiz olaraq yanğınların söndürülməsində iştirak edirlər.
FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yanğın böhran bölgəsindəki heyətə başçılıq edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Muğla