REGİONLAR
Məlahət İbrahimova: Allahdan bir arzum var ki, Şuşada əvvəlki günlərdəki kimi toy-bayramlarımız başlasın VİDEO
Şuşa, 26 avqust, T.Ağaməmmədov, AZƏRTAC
Çox şadam ki, 30 ildən sonra Cıdır düzündə dayanıb doğma yurdumun dağını, daşını, torpağını seyr edirəm. Bu günə çox şükür. Allahdan bir arzum var. Bütün şuşalılar yenidən bu torpaqlara qayıtsınlar, əvvəlki günlərdəki kimi toy-bayramlarımız başlasın.
Bu sözləri Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Məlahət İbrahimova söyləyib.
Şuşa sakini deyib: “Prezidentimizə təşəkkür edirəm. Çox sağ olsun ki, Şuşanı azad etdi, bizə bu sevinci yaşatdı. Hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. O qədər darıxmışdıq ki... Bu qayalarla dırmaşıb Şuşanı azad edən şəhidlərimiz, ruhunuz şad olsun, Allah sizə qəni-qəni rəhmət eləsin!”.
Qeyd edək ki, bu gün şuşalıların işğaldan azad olunmuş dədə-baba yurdlarında növbəti səfəri başlayıb. Səfər zamanı sakinlər doğma şəhərlərində müxtəlif məkanları, o cümlədən Cıdır düzü, Qala divarları, Natəvan bulağı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edəcək, evlərinə baş çəkəcəklər.
Şuşa sakinlərinin doğma şəhərlərinə ilk səfəri avqustun 19-da təşkil olunub.