REGİONLAR
Sədaqət Cabbarova: Həmişə Şuşanı yuxularımızda görərdik, indi isə torpağına ayaq basırıq VİDEO
Şuşa, 26 avqust, T.Ağaməmmədov, AZƏRTAC
Mən Şuşadan çıxanda 32 yaşım var idi. 29 ildən sonra doğma yurdumuza qayıtdıq. Hisslərimi sözlə ifadə edə bilmirəm. Prezidentimiz sağ olsun, onun rəhbərliyi ilə bu torpaqlardayıq.
Bu sözləri Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında şəhər sakini Sədaqət Cabbarova söyləyib.
O deyib: “Allah şəhidlərimizə rəhmət eləsin, onların analarının qarşısında baş əyirəm. Şəhidlərimiz, qazilərimiz, qəhrəman balalarımız düşmənə qan uddurdu. Burada olmaq çox gözəl hissdir. Həmişə Şuşanı yuxularımızda görərdik, indi isə torpağına ayaq basırıq. Bütün gecə boyu yatmayıb gözləmişəm ki, səhər açılsın Şuşaya gedək. İllərdir həsrət qaldığımız Şuşaya”.
Qeyd edək ki, bu gün şuşalıların işğaldan azad olunmuş dədə-baba yurdlarında növbəti səfəri başlayıb. Səfər zamanı sakinlər doğma şəhərlərində müxtəlif məkanları, o cümlədən Cıdır düzü, Qala divarları, Natəvan bulağı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edəcək, evlərinə baş çəkəcəklər.
Şuşa sakinlərinin doğma şəhərlərinə ilk səfəri avqustun 19-da təşkil olunub.