SİYASƏT
Azərbaycanlı diplomat: “Səfirliklər festivalı” çərçivəsində erməni işğalçılarının əsil üzü ifşa olunacaq VİDEO
Haaqa, 4 sentyabr, AZƏRTAC
Niderlandda “Səfirliklər festivalı” ənənəvi olaraq hər il keçirilir. Azərbaycan səfirliyi də bu festivalda iştirak edir. Ötən il COVID-19 pandemiyasına görə festival onlayn təşkil olunub. Bu il isə festival yeni konsepsiyaya uyğun olaraq keçirilir. Belə ki, ilk dəfə olaraq bir çox səfirliklər qapılarını yerli ictimaiyyətə açıq elan edib. Bu səfirliklərdən biri də Azərbaycan səfirliyidir. Niderlandlılar səfirliklərin binasına daxil ola və onu ziyarət edə biləcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Niderland Krallığındakı səfirliyinin birinci katibi Səbinə Sadıqlı deyib. Bildirib ki, festivalın ilk günüdə keçirilən “Açıq qapı” konsepsiyası çərçivəsində niderlandlılar Azərbaycan tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış ola biləcəklər.
Səfirliyin binasında nümayiş olunan rəsm əsərləri, xalçalar haqqında məlumat veriləcək və sonda ölkəmizlə bağlı video nümayiş olunacaq. Həmçinin, niderlandlılar video vasitəsilə Azərbaycanın azad edilmiş torpaqlarındakı vəziyyətlə tanış olacaq, ermənilərin viran qoyduğu şəhər və kəndlər vasitəsilə erməni işğalçılarının əsil üzü ifşa olunacaq.
“Festivalın ikinci günüdə isə 15 səfirliyin stendləri təqdim olunacaq. Bu stendlər vasitəsilə yerli ictimaiyyətin, ziyarətçilərin iştirakçı ölkələrin, eləcə də Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı olacaq. Stend qarşısında milli rəqsimiz təqdim olunacaq”,- deyə S.Sadıqova qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa