Kamran Əliyev: Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayət hadisələri ilə bağlı ümumilikdə 76 cinayət işi başlanılıb VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş cinayət hadisələri ilə bağlı ümumilikdə 76 cinayət işi başlanıb.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 1-də Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Cinayət işlərinin 39-nun mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı olduğunu vurğulayan Baş prokuror bildirib: “Bu cinayət işləri üzrə 24 erməni beynəlxalq axtarışa verilib. Bu istiqamətdə işlər davam etdirilir. Bununla yanaşı, Birinci Qarabağ müharibəsində, eləcə də atəşkəs dövründə hərbçilərimizə qarşı törədilmiş cinayətlərlə bağlı axtarışa verilənlər var. Onların da sayı 300-ə yaxındır”.
Vətən müharibəsində itkin düşmüş 7 hərbçidən birinin meyitinin tapıldığını vurğulayan Kamran Əliyev bu məsələ ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlığın davam etdirildiyini deyib.