Hərbi həkim: Otuz il bükülü qalan qamətimizi şəhidlərin qanı hesabına dik tuturuq VİDEO
Ankara, 1 oktyabr, AZƏRTAC
Biz bu müharibəni 30 il gözlədik. Sentyabrın 27-də başlayan müharibənin ilk gününü hamımız yaxşı xatırlayırıq. Bəlkə də dünyanın çox ölkəsində müharibə başladığı zaman həmin xalq qorxur, kədərlənir, amma bizim xalq o günü toy-bayram kimi qəbul etdi. Şəhidlərimiz oxuyaraq, rəqs edərək bu müharibəyə qatıldılar, buna hamımız şahidik.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi iştirakçısı tibb xidməti polkovnik-leytenantı Elnur Əliyev ifadə edib.
Real döyüş meydanında, səhra hospitallarında gördüyü qəhrəmanlıq səhnələrindən bəhs edən polkovnik-leytenant Elnur Əliyev deyib: “Şəhidlik zirvədir, şəhidlik öz həyatını gələcək nəsillərə, xalqına bağışlamaqdır. O insanlar xoşbəxtdir ki, Vətən uğrunda mübarizədə şəhid olurlar”.
Hərbi həkim qeyd edib ki, 30 il bükülü qalan qamətimizi şəhidlərin qanı hesabına dik tuturuq. Bu gün bəlkə də mən 1993-cü ildə öz kəndindən zorla, müharibə nəticəsində çıxanlardan biriyəm, belə desək, 1 milyon məcburi köçkündən biri də mənəm. Amma ilk dəfədir ki, 30 ildən sonra belə qürurla danışırıq və bunun üçün şəhidlərimizə, qazilərimizə borcluyuq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara