Reza Deqati: Qarabağ reallıqlarını sərgilərim vasitəsilə dünyaya çatdıracağam VİDEO
Kurbövua, 11 oktyabr, AZƏRTAC
Fransada bu il ərzində 12 sərgim və konfransım gözlənilir. Artıq bu mənim 4-cü sərgimdir və hər sərgi çərçivəsində də konfrans olur. Konfranslarda olduğum müxtəlif ölkələr haqqında məlumat verirəm. Azərbaycan, xüsusilə də onun ayrılmaz hissəsi olan Qarabağla bağlı həqiqətləri çatdırmağa çalışıram. Bu məqsədlə müharibədən çəkdiyim fotoları nümayiş etdirirəm. Qarabağ məsələsini bütün dünya bilməlidir. Qarabağ həqiqətlərini hər kəsə tanıtmaq mənim vəzifəmdir.
Bu fikirləri Kurbövuada “Atmosfer Festivalı” çərçivəsində AZƏRTAC-a müsahibəsində məşhur fotoqraf-jurnalist Reza Deqati deyib.
“Qarabağla bağlı reallıqları belə sərgilər vasitəsilə dünyaya çatdıracağam. Beynəlxalq səviyyədə, eləcə də Fransanın bir neçə şəhərində təşkil edilmiş və planlaşdırılmış sərgi və konfranslarda Qarabağdan danışacaq, reallıqları təqdim edəcəyəm. Konfranslarda yüzlərlə insan iştirak edir. Onlar öz yaxınlarına, dostlarına eşitdiklərini danışanda bu geniş kommunikasiya olur və daha çox insanlar xəbər tutur. Düşünürəm ki, bu yolla insanlar Qarabağ məsələsini daha dərindən öyrənirlər”, - deyə R.Deqati söyləyib.
Fotoqraf vurğulayıb ki, Qarabağın şəhər və kəndlərində törədilən vandalizm aktlarını, yaşayış məntəqələrinin viranə qoyulduğunu göstərməyə başlayıb. O, Qarabağa həsr edilmiş böyük fotokitab, xüsusi sərgi və konfrans təşkil edəcəyini deyib. Qarabağ həqiqətlərini əks etdirən fotolarını, onlardan hazırladığı kitablarını dünyanın böyük şəhərlərində də sərgiləyəcəyini bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Kurbövua