Cəbrayıl sakini 28 ildən sonra ata yurdunda: Viran qoyulan bu evimin hər daşında əl izim var VİDEO
Cəbrayıl, 21 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Vətən müharibəsində işğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi. Bununla 30 ilə yaxın doğma yurdlarının həsrəti ilə yaşayan məcburi köçkünlərimizin də arzuları həyata keçmiş oldu. İndi onlar illərdir həsrətində olduqları doğma yurdlarına, evlərinə dönəcəkləri günü səbirsizliklə gözləyirlər.
Cəbrayıl şəhər sakini Mehman Hüseynov da 28 ildir doğulub boya-başa çatdığı şəhərinin, ata ocağının, tikdiyi evinin həsrəti ilə yaşayırdı. Artıq bu həsrət bitib. AZƏRTAC-ın bölgə müxbiri uzun illərdən sonra ata yurduna baş çəkən Mehman Hüseynovla söhbət edib, sevincinə şərik olub.
Mehman Hüseynov bildirib ki, ömrünün ən xoş günləri doğma şəhərində keçib: “Ata evimiz universamın yanında idi. Uşaqlığım, qayğısız illərim o evdə keçib. Sonra 1985-ci ildə gördüyünüz bu evi tikdim. Viran qoyulan bu evimin hər daşında əl izim var. Bu evdə ailə qurdum, iki övladım oldu. Burada xoşbəxt həyat sürürdük. Əfsus olsun ki, 1993-cü ildə ermənilər rayonumuzu işğal edəndə biz də evimizi tərk etməli olduq. Ötən illər ərzində evimizi, yurdumuzu bir gün də olsun yadımızdan çıxarmadıq. Elə bir gün olmayıb ki, doğma şəhərimi, evimi yuxuda görməyim. Hər gün xatırlamışıq, söhbət açmışıq. Çox şükür ki, bu gün gəlib torpağımı ziyarət edə bildim. Buna görə Ali Baş Komandana, ordumuza minnətdarlığımı bildirirəm”.
Mehman Hüseynov illərdir həsrətində olduğu şəhərinə ayaq basarkən kövrəldiyini, həm kədər, həm də sevinc hissləri keçirdiyini deyib: “Bu gün sevinclə kədər bir-birinə qarışıb. Hisslərimi ifadə edə bilmirəm. Sevinirəm ona görə ki, doğma torpağımdayam, evimə gəlmişəm. Kədərliyəm ona görə ki, düşmən bir dənə də salamat bina qoymayıb. Şəhərdə olan bütün tikililər, o cümlədən bizim evimiz dağıdılıb. Həyətdə əkdiyim ağacları da kəsiblər. Ancaq əsas odur ki, torpağımız azaddır. Artıq Cəbrayıla yeni həyat gəlib. Çox keçməyəcək Cəbrayıl yenidən qurulacaq və biz doğma yurdumuza qayıdacağıq”, - deyə Cəbrayıl sakini bildirib.