SİYASƏT
Səməd Seyidov: Azərbaycanın Qələbəsi sülhün, beynəlxalq qanunun, ədalətin bayramıdır VİDEO
Madrid, 9 noyabr, AZƏRTAC
Zəfər Günü bizə fəxarət hissi yaşadır.
Bu sözləri Madriddə keçirilən Zəfər Gününə həsr olunmuş tədbirdə AZƏRTAC-a müsahibəsində Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, bugünkü tədbirə yığışan qonaqlar bizimlə bir yerdə yalnız Azərbaycanın Qələbəsini qeyd etmir, onlar ədaləti, beynəlxalq qanunun ən yüksək səviyyədə bizim tərəfdən qorunmasını və yenidən bərqərar olunmasını qeyd edirlər.
“Azərbaycan həm öz Qələbəsini qazandı, həm də dünyaya sübut etdi ki, ədalət var və ədalət uğrunda mübarizə aparan ədaləti əldə edə bilir. Ən böyük məsələ budur. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət, Qələbə siyasəti ilk addımlarını atır. Bizim Zəfərimiz daha böyük əks səda verəcək, beynəlxalq ictimaiyyət daha aydın dərk edəcək ki, Azərbaycan hansı məsələni həll edib, dünyanın cavab verə bilmədiyi suallara cavab verib. Bu baxımdan Azərbaycanın Qələbəsi – sülhün, əmin-amanlığın, beynəlxalq qanunun, ədalətin, qürurun, xoşbəxtliyin, böyük gələcəyimizin bir bayramıdır”, - deyə S.Seyidov vurğulayıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid