İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məqsədilə minaaxtaran robotların alınmasına dair işlər görülür VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məqsədilə minaaxtaran robotların alınması üçün iş aparılır.
AZƏRTAC xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, ermənilər işğal dövründə həmin şəhər və rayonlarımızın ərazilərində minalar basdırıblar. Quruculuq və abadlıq işlərinin sürətləndirilməsi üçün həmin ərazilər qısa vaxtda minalardan təmizlənməlidir. Odur ki, təkcə minaaxtaran cihazlar deyil, robotların da alınması üçün ANAMA, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları tərəfindən sürətli işlər görülür.
“Azad edilmiş ərazilərdə xüsusən yaşıllıq zonalarında minatəmizləmə əməliyyatlarının aparılması işi çox çətinləşir. Payız-qış mövsümündə otlar quruduğundan bundan sonra həmin proses daha təkmil və sürətli aparılacaq”, - deyə nazir vurğulayıb.