CƏMİYYƏT
Bakıda xəstə ağaclar utilizasiya edilir VİDEO
Bakı, 21 dekabr, AZƏRTAC
Artıq bir müddətdir paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bəzi növlərinin quruması baş verir ki, bu da dövlət qurumlarını, ictimaiyyəti və paytaxt sakinlərini ciddi narahat edir. Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə keçirilib və məsələ geniş müzakirə edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirədə qeyd edilib ki, mürəkkəb landşaft və quru iqlimə malik Bakı şəhərinin bəzi ərazilərində şam ağaclarının bir hissəsi sürətlə yayılan göbələk xəstəliyinə tutulub. Belə hallar təkcə ölkəmizdə deyil, qonşu Gürcüstanda da geniş şəkildə baş verib.
Müşavirədə qərara alınıb ki, Abşeron iqlimi üçün çox əlverişli olan bu ağaclarda göbələk xəstəliyinin fəsadlarının aradan qaldırılması, xəstəliyin başqa ağaclara keçməsinin qarşısının alınması və yaşıllıq sahələrinin qorunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin rəyi əsasında xəstə, qurumuş ağaclar çıxarılaraq utilizasiya olunmalı, eyni zamanda, digər ağacların qorunması üçün onlar tərkibində mis olan xüsusi dərman preparatları ilə dezinfeksiya edilməlidir.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, digər aidiyyəti qurumlarla birgə paytaxtın bütün rayonlarında genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Utilizasiya edilən ağacların yeri dezinfeksiya olunduqdan sonra mövsüm ərzində burada yeni ağaclar əkiləcək. Bu günədək Bakı şəhərində 3 min ədəd şam ağacı artıq kəsilərək utilizasiya edilib.
Qeyd edilməlidir ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanır və bu işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən mərhələli şəkildə həyata keçiriləcək.