200 vakansiya, 1600 manatadək əməkhaqqı - Qəbələdə əmək yarmarkası
Qəbələ, 28 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Noyabrın 28-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı, region sahibkarlarının iştirakı ilə Karyera və əmək yarmarkası keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Peşə Təhsil Mərkəzindən məlumat verilib.
Yarmarkada 12 müəssisə tərəfindən turizm, aqrar, iaşə, sənaye və digər iqtisadi sahələr üzrə 200-dən çox vakansiya təqdim edilib. Ən çox vakansiya turizm sektoru üzrə olub. İşəgötürənlərin təqdim etdiyi iş təklifləri arasında əməkhaqqı 400–1600 manat aralığında olan vakansiyalar diqqət çəkib.
Tədbir çərçivəsində tələbə və məzunlar işəgötürənlərlə birbaşa görüşərək ilkin müsahibələrdə iştirak edib və real iş imkanları haqqında ətraflı məlumat alıblar. Yarmarkada ümumilikdə 400-dən çox tələbə, məzun və vətəndaş iştirak edib.
Yarmarka, həmçinin yeni əməkdaşlıq perspektivləri ilə də yadda qalıb. Belə ki, tədbirin sonunda iki böyük müəssisə ilə - aqrar sahə üzrə “Qəbələ Quşçuluq” ASC və turizm sahəsi üzrə isə “Hill Chalet Hotel & Resort”la əməkdaşlıq üzrə memorandum imzalanıb.
Eyni zamanda, tədbirdə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş qısamüddətli kursları uğurla bitirmiş növbəti müdavimlərə sertifikatlar təqdim olunub.