REGİONLAR
Şirvan sakininin evindən silah-sursat və narkotik aşkarlanıb VİDEO
Şirvan, 4 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də silah və döyüş sursatları saxlayan şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ağaverdi Qafarov saxlanılıb.
Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətindəki yardımçı tikilidən bir ədəd lüləsi kəsilmiş odlu silah, “Makarov” markalı tapançaya məxsus 100 ədəd 9 mm-lik patron, psixotrop maddə olan metamfetamin, narkotik vasitə tiryək, eləcə də bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.