REGİONLAR


20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub

Astara, 14 yanvar, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar Azərbaycan xalqının unudulmaz tarixdir” mövzusunda tarix dərsi keçirilib.

Tarix dərsində Astara rayonunun Təngərüd kənd tam orta və Qapıçıməhəllə kənd ümumi orta məktəbinin şagird və müəllimləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən mərkəzin direktoru Kübra Səmədova bildirib ki, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş qanlı hadisədən 32 il ötür. Hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Tarix dərsində Astara Rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.

Məruzəçi qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan tarixinə qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil, eyni zamanda, bu tarix Azərbaycan dövlətinin istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990-cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Diqqətə çatdırılıb ki, o dəhşətli günlərdə xalqının səsinə səs verən ulu öndər Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi.

Ulu öndər Heydər Əliyev təcavüzə kəskin etirazını bildirərək faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

Tarix dərsində Təngərüd kənd tam orta məktəbinin tarix müəllimi Şərif Yunusov, şagirdlər Fatimə Gənciyev, Fatimə Məhərrəmova, Rahib Cəbrayılov mövzu ilə bağlı çıxış ediblər.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.