20 noyabr - Ümumdünya Uşaqlar Günüdür
Bakı, 20 noyabr (AZƏRTAC). BMT Baş Məclisi 1954-cü ildə bütün ölkələrə Ümumdünya Uşaqlar Gününün dünya uşaqlarının qardaşlığı və həmrəyliyi günü kimi bayram edilməsini tövsiyə etmişdir. Həmin gün bütün dünyada uşaqların firavanlığının təmin edilməsinə yönəldilmiş fəaliyyətə həsr olunmuşdur.
BMT hökumətlərə uşaqlar gününün onların hər birinin məqsədəuyğun saydığı hər hansı gün bayram edilməsini təklif etmişdir. BMT-nin Baş Məclisi 1959-cu il noyabrın 20-də Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin tarixində isə Uşaq Hüquqları Konvensiyasını qəbul etmişdir.
Hər il 11 milyon uşaq beş yaşına çatmadan ölür, normal böyümək, yaşamaq və inkişaf etmək imkanı olmayan on milyonlarla uşaq fiziki və əqli xəstə olur.
Uşaqlar arasında ölüm hallarının çoxuna qarşısı alınan və ya asanlıqla müalicə olunan xəstəliklər, digərlərinə yoxsulluq, cahillik, ayrı-seçkilik və zorakılıq hallarının ağır nəticələri səbəb olur. Bu səbəblərin hamısı birlikdə ailə, icma və dövlətlərə və bütün dünyaya ağır itkilər gətirir.
Uşaqların həyatına və firavanlığına təhlükə olan qüvvələrə təkcə erkən uşaqlıq dövründə təsadüf olunmur. Onlar getdikcə daha müdafiəsiz olur, çünki çox vaxt hüquqlarından, o cümlədən təhsil, ictimai-siyasi həyatda iştirak etmək, habelə sağlamlığa ziyan vurulması hallarından müdafiə olunmaq hüquqlarından məhrumdurlar.
BMT-nin Uşaq Fondu (UNICEF) doğumdan əvvəlki dövrdən tutmuş gənclik dövrünə qədər uşaq sağlamlığının bütün aspektlərinə dair geniş iş aparır. Fond doğumdan əvvəl və doğum zamanı hamilə qadınların lazımi tibbi müşahidə ilə təmin olunmalarına, ailələrin uşaq xəstəliklərindən öhdəsindən ev şəraitində gəlmək imkanının möhkəmləndirilməsinə dair tədbirlər görür, yüksək səviyyəli səhiyyənin təmin olunması məsələlərinə dair icmalara məsləhətlər verir.
Uşaq Fondu İÇV/QİÇS üzündən valideynlərini itirmiş uşaqlara yaşıdları kimi qulluq edilməsinə nail olmaq üçün xüsusi səylər göstərir, habelə QİÇS-ə yoluxan qadın və uşaqların layiqli həyatının təmin olunmasına kömək edir.