20 Yanvar faciəsinin ildönümü Təbrizdə də qeyd edilib
Təbriz, 19 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə baş konsul Əli Əlizadə çıxış edərək 20 Yanvar tarixinin Azərbaycan xalqı tərəfindən kədər və eyni zamanda, qürur hissi ilə daim yad edildiyini bildirib. Baş konsul erməni əsilli xüsusi təyinatlılardan təşkil olunmuş sovet imperiyasının ordusu tərəfindən amansızcasına törədilmiş 20 Yanvar qətliamının Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda inadkar dəyanətini sındırmaq məqsədi daşıdığını vurğulayıb. Zəngəzur, Vedi, Göyçə mahalı kimi bir çox Azərbaycan torpaqlarını da vaxtilə öz havadarlarının köməyi ilə işğal etmiş, dəfələrlə soyqırımları törətmiş Ermənistanın bu qətliamdakı digər məqsədinin bir daha Azərbaycan torpaqlarına yiyələnmək və böyük Ermənistan xülyalarını davam etdirmək olduğu qeyd edilib.
Baş konsul sovet imperiyasının və Azərbaycanın o vaxtkı rəhbərliyinin 20 Yanvar hadisələrinin gerçək miqyas və mahiyyətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının qarşısını almağa, bu hərbi cinayəti ört-basdır etməyə çalışdığını, lakin ulu öndər Heydər Əliyevin sayəsində buna nail ola bilmədiklərini bildirib.
Əli Əlizadə 20 Yanvar hadisələri ilə başlayan xalqımızın azadlıq mübarizəsinin sonda öz bəhrəsini verdiyini, Azərbaycanın imperiyanın tərkibində saxlanılması cəhdlərinin baş tutmadığını və Azərbaycanın 1 il sonra yenidən öz müstəqilliyini bərpa etdiyini diqqətə çatdırıb.
Çıxışlardan sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub. Hadisələrə dair məlumatların Azərbaycan və fars dillərində əks olunduğu vərəqələr, DVD filmlər, qəzet, kitab və digər əyani materiallar mərasim iştirakçılarına paylanılıb. Mərasim iştirakçıları baş konsulluq tərəfindən hazırlanmış 20 Yanvar hadisələrinə aid şəkillərdən ibarət fotostendə baxıblar. Mərasimdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri, Türkiyənin Təbrizdəki baş konsulu və Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz